Azərbaycanla Rusiya arasında müxtəlif cinayətlər törədən şəxslərin qarşılıqlı ekstradisiyası olub

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində iki ölkə ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü qarşılıqlı ekstradisiya edilmələri barədə sorğular edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə hərbi prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Tağıyev Urfan Bərxudar oğlunun – Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən №-saylı hərbi hissəsində xidmət edərkən 23 sentyabr 2018-ci ildə saat 12:00 radələrində hərbi hissəni özbaşına tərk etməsinə,hal-hazıradək xidmət yerinə qayıtmayaraq fərarilik etməsinə; Nəsimi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ağayev Ağadadaş Valeh oğlunun – 01.01.2018-ci il tarixində özgənin əmlakını ələ keçirmək məqsədi ilə talama cinayətini törədərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, İrkutsk şəhər, Sverdlovsk rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Rusiya Federasiyası vətəndaşı Tağıyev Münakif Raqub oğlunun – 2014-cü ilin may ayında qeyri-rəsmi münasibətdə olduğu Burkova Natalia Vladimirovna ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində bıçaqla sonuncuya zərbə vuraraq ona həyat üçün təhlükəli olan ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun qarşılıqlı sorğuları təmin edilməklə Urfan Tağıyev və Ağadadaş Ağayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə, Münakif Tağıyev isə Rusiya Federasiyasına ekstradisiya edilib.

ƏvvəlkiMilli Məclis maskaya görə cərimələrin yenidən artırılmasını təsdiqlədi
NövbətiSumqayıtda karantin rejimini pozan idman zalı aşkarlanıb