Azərbaycanın xarici işlər naziri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini müzakirə ediblər. Ölkələrin iqtisadi-ticarət sahəsində əməkdaşlığının genişləndirilməsi və bu xüsusda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyəti, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, bölgələrarası əməkdaşlığın genişləndirilməsi, eləcə də yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda əməkdaşlığı və qarşılıqlı dəstək məsələləri məmnunluqla qeyd olunub.

Görüşdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə qarşılıqlı razılıq ifadə olunub.

ƏvvəlkiPrezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
NövbətiNeftçalada 3 milyon manat kapitalla balıqçılıq müəssisəsi yaradılıb