Azərbaycanın turizm imkanları Ukraynada təbliğ edilib

Azərbaycan Turizm Bürosu oktyabrın 12-də Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.

Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tətbiq olunan qaydalar haqda məlumat verilib.

Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycan və Pakistan arasındakı münasibətlərin inkişafı müzakirə olunub