Azərbaycanın Pakistandakı səfiri bu ölkənin təhsil naziri ilə görüşüb

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

Səfirlikdən “Report”a  verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın bölüşdüyü ortaq dəyərlər, təlim-təhsil, eləcə də milli irs sahəsində əməkdaşlığı, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək vurğulanıb.

Eyni zamanda qarşılıqlı birgə layihələrin və səfərlərin artırılmasının önəmi qeyd edilib. Şəfqət Mahmud vaxtıilə Azərbaycana etdiyi səfəri xatırladaraq Azərbaycanın sürətlə irəliyə doğru addımlamasını vurğulayıb, Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir Əli Əlizadə müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb.

Səfir Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün təşkil olunan Azərbaycana səyahət səfərlərinin gənclərdə yaratdığı təəsüratlar, Azərbaycanda təhsil alan Pakistanlı tələbələrin sayının artması, eyni zamanda Azərbaycandan da artıq tələbələrin Pakistan Universitetlərində təhsil almaqda maraqlı olması, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrubə kurslarına cəlb olunması haqda məlumat verib və Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

ƏvvəlkiXocəsəndə dostlar arasında bıçaqlaşma olub
NövbətiMoskvada Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq