Azərbaycanın 16 vətəndaşı Suriyadan repatriasiya edilib

Avqustun 3-də Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, repatriantların 3 nəfəri qadın və 13 nəfəri uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.

Bu prosesin reallaşmasına Türkiyə tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə ərazisinə keçidi təmin olunub.

İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.

Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.

Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.

ƏvvəlkiDənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib
Növbətiİdmançımız “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb