Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var

“Dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyədə koronavirusun yeni ştamının aşkar olunması ilə əlaqədar Azərbaycanda vaksinasiya prosesini aktivləşdirməyə ehtiyac var. Vətəndaşlar tərəfindən müraciətlər olmalıdır”.

Bu fikirləri “Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, ilk növbədə insanlar özlərini qorumalı, qabaqlayıcı addımlar atmalıdırlar:

“Hələlik maska və ya digər məhdudlaşdırıcı rejimə ehtiyac duyulmasa da, istənilən halda biz bu tədbirləri görməliyik”.

Komitə sədri xatırladıb ki, havaların soyuması ilə əlaqədar bir sıra viruslar, o cümlədən koronavirusun aktivləşməsi müşahidə olunur:

“Dünyanın bəzi ölkələrində yoluxma sayında artan tendensiya müşahidə edilir. Bu səbəbdən Türkiyə də daxil olmaqla, yeni ştamın yayıldığı ölkələr məhdudlaşdırıcı tədbirlər kimi sərhədləri bağlaya, həmçinin ölkədaxili karantin qaydalarında sərtləşdirmələr apara bilər”.

M.Quliyev vurğulayıb ki, Azərbaycanda hələlik yoluxmanın artım tempi müşahidə olunmasa da, Nazirlər Kabineti yanında Operativ Qərargah başda olmaqla, bütün aidiyyəti qurumlar və tibb müəssisələri hazırlıq tədbirləri görür.

Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (4-10 sentyabr) koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı aşkarlanıb. COVID-19-a yoluxan 123 nəfər sağalıb. Hazırda ölkədə 132 aktiv xəstə var.

ƏvvəlkiAtletimiz dünya çempionatında 3 bürünc medal qazanıb
NövbətiSumqayıtda qəza baş verən ərazidə elektrik enerjisinin təchizatı bərpa edilib