Azərbaycanda tədris mərkəzinin vəzifəli şəxsinə cinayət işi başlanıldı

Ölkəmizdə iqtisadiyyatın uğurlu inkişafının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılması istiqamətində kompleks, siyasi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, bununla belə, bəzi sahibkarların vergi və sosial sığorta ödənişlərindən yayınmaları nəticəsində iqtisadiyyatın inkişafına kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi, “Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yolxlanılıb.

Araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C. Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılıb, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən ediməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ƏvvəlkiElmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
NövbətiTürkiyə “S-400″ün bir hissəsini istismar edir