Azərbaycanda qurbanlıq ət neçəyə və harada satılır?

Bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər əvvəlki illərdən fərqli olaraq həyata keçirilir.

Vətəndaşlar qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etməli olacaq.

Trend müxtəlif market şəbəkələrində satışa çıxarılan qurbanlıq quzuların qiymətləri ilə maraqlanıb. Həmin qurbanlıq quzuların satış şərtlərini sizlərə təqdim edirik:

“Bravo” Supermarketlər şəbəkəsi: Qurbanlıq ətin 1 kilosu 10.99 AZN-ə təklif edilir. Qiymətə yalnız heyvanın əti daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Heyvan Bərdə rayonundan gətirilir, vətəndaş marketə yaxınlaşaraq qurban ətini yerindəcə əldə edir. Bu təklif 31 iyul – 1 avqust tarixlərində keçərli olacaq.

“Araz” Supermarketlər şəbəkəsi: Diri qurbanlıq quzunun çəkisinin 1 kilosunu 5.89 AZN-ə təklif edir. Qiymətə heyvanın əti, içalatı və baş-ayağı da daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədi və İmişli rayonlarından gətirilir. Vətəndaş qurbanlıq quzunu öncədən sirafiş edə bilər.

“Rahat” Supermarketlər şəbəkəsi: Kəsilmiş, soyulmuş qurbanlıq quzuların minimum çəkisi 15 kiloqramdır, qiyməti isə 190 manat edir. Bu qiymətə heyvanın əti və içalatı daxildir. Ət bütöv, yaxud bölünmüş formada təklif olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədi rayonlarından gətirilir. Alıcı qurbanlıq əti yalnız bayram namazından sonra ala bilər.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası: Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

ƏvvəlkiXəzər dənizində 2 nəfər batdı
NövbətiAzərbaycanda daha 339 nəfər koronavirusa yoluxub, 673 nəfər sağalıb