Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb

Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib: “Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.

Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaratmışdır.

Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir”.

Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:

İşçi qrupun rəhbəri:

Nazirlər Kabineti Aparatının rəhbəri

İşçi qrupun üzvləri:

iqtisadiyyat nazirinin müavini

kənd təsərrüfatı nazirinin müavini

rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

energetika nazirinin müavini

səhiyyə nazirinin müavini

maliyyə nazirinin müavini

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Dövlət Statistika Komitəsi sədrinin müavini

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Mərkəzi Bankın baş direktoru.

Bu sərəncamın 1-ci hissəsində qeyd olunan dövlət orqanları (qurumları) İşçi qrupda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.

ƏvvəlkiYunanıstanda meşə yanğınlarında 24 saat ərzində 46 meşə məhv olub
NövbətiQız basketbolçularımız Avropa çempionatında mübarizəyə Andorra ilə oyunla başlayacaq