Azərbaycanda Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək.

“Report” xəbər verir ki, “Heydər Əliyev ili”nə həsr olunmuş forum Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən, bu il 26-27 oktyabr tarixlərində təşkil olunacaq.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədənçilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir.

Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəyi bu forumda sözügedən sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılacaq.

Belə ki, forum Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyət daşıyacaq.

Bundan əlavə, dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb.

Forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin 2 günlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fürsətləri yaranacaq.

Forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin www.geomining.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Həmçinin, forum çərçivəsində “Springer Nature” beynəlxalq jurnalında elmi məqalələrin nəşri nəzərdə tutulur. Bu jurnalın bir nömrəsi tamamilə foruma həsr olunacaq.

Belə ki, forum iştirakçıları dağ-mədən, geomühəndislik və “yaşıl” enerji mövzusunda innovativ tədqiqatlarını, elmi məqalələrini bu nömrədə dərc etmək imkanını əldə edəcəklər.

ƏvvəlkiLeysan yağıb, çaylardan sel keçib
NövbətiŞəhid ailəsinin tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb