Azərbaycanda Belarus texnikasının yığılmasının çeşidinin genişləndirilməsi təklif olunur

Azərbaycanda Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasının çeşidini genişləndirmək lazımdır.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini İqor Petrişenko ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının Bakıda keçirilən iclası zamanı bildirib.

İ.Petrişenko dövlət başçılarının və hökumət başçılarının qarşıya qoyduğu əsas vəzifələri qeyd edib. “Birincisi, Gəncə Avtomobil Zavodunda texnikanın yığılması çeşidinin genişləndirilməsini, o cümlədən MAZ ASC-nin şassilərində xüsusi texnikanın birgə istehsalının və sərnişin elektromobillərinin birgə istehsalının bərpasını təmin etmək lazımdır. Bunun üçün Belarus texnikasının mövcud tam kataloqu əsasında modellər və kəmiyyət müəyyən edilməli və Azərbaycan müəssisəsi üçün müvafiq sifariş formalaşdırılmalıdır. İkincisi, Gəncə Avtomobil Zavodunda Belarusun traktor komplektlərindən traktorların istehsalının, o cümlədən üçüncü ölkə bazarları üçün, sistemli şəkildə artırılması üzrə işləri davam etdirmək lazımdır”, – o deyib.

Baş nazirin müavini həmçinin Azərbaycanın şəhərlərində lift təsərrüfatının modernləşdirilməsi proqramları üçün Belarus liftlərinin tədarükü məsələsinin həyata keçirilməsini zəruri hesab edir. “Biz öz növbəmizdə Azərbaycan tərəfdən müvafiq maliyyənin ayrılmasına ümid edirik”, – o əlavə edib.

İ.Petrişenkonun sözlərinə görə, aqrar və emal kompleksinin müəssisələri Belarus və Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü həcmini artırmalı, eləcə də ərzaq məhsullarının çeşidinin genişləndirilməsini təmin etməlidirlər. “Bunun əlaqədar iki ölkənin səlahiyyətli orqanları Belarus qida təhlükəsizliyi sisteminin ekvivalentliyinin tanınması və Belarus qida istehsalçılarının Azərbaycanın müvafiq reyestrinə daxil edilməsi məsələsini operativ şəkildə həll etməlidir”, – o bildirib.

“Bundan əlavə, yaxın vaxtlarda Azərbaycanda qeydiyyatdan keçmiş müəssisə əsasında baytarlıq preparatlarının birgə istehsalı layihəsinin praktiki icrasına başlamalı, məhsulların qeydiyyatı və Azərbaycanda satışı ilə bağlı məsələlərin həllinə kömək etməliyik”, – Baş nazirin müavini söyləyib.

O, həmçinin Belarusun layihə və tikinti təşkilatlarının iş və xidmətlərinin tələb oluna biləcəyi konkret sahələrin operativ öyrənilməsini vacib vəzifələr arasında göstərib.

ƏvvəlkiBaş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb
NövbətiƏrdoğan: “28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq”