Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

“Report” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.

Bundan başqa, Azərbaycana gətirilən bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, heyvanların yemlənməsi üçün həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar da gömrük rusumundan azad olunub.

Həmçinin qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

ƏvvəlkiYasamalda qapı arxasında qalan uşaqlar xilas edilib
NövbətiUmayra Tağıyeva: “Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır”