Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

Avqustun 31-də hökumət iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən baş nazir Nikol Paşinyanın heç bir əsas olmadan bu kəlməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin həmin iclasda səsləndirdiyi iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilib.

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən baş nazirə xatırlatmaq istərdik ki, hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük avtomobilləri ərazidə Xankəndiyə keçidi gözləyir. Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacı olsaydı, onlar sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət”lə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hazırda erməni sakinlərin “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

Görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistanın baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı müdaxilələrdən çəkinsin.

Ümidvarıq ki, Ermənistan tərəfi postmünaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək”, – deyə XİN-in şərhində vurğulanıb.

ƏvvəlkiADU-da beynəlxalq elmi konfransın açılışı olub
Növbəti“Cırtdan” balacaları Şuşa Teatrında yenidən qarşılayacaq