Azərbaycan və Uqanda XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo ilə görüşündə Azərbaycan XİN-lə Uqanda XİN arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

C.Bayramov, Uqanda tərəfinin Azərbaycanın QH-yə sədrliyi dövründə göstərdiyi dəstəyi minnətdarlıqla xatırlayıb. Bu xüsusda, Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə troyka üzvü kimi yaxından dəstək göstəriləcəyini qeyd edib. QH-nin coğrafi baxımdan bir-birinə uzaq ölkələri vahid platformada birləşdirməsi baxımından əhəmiyyətini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi görüşlərin üzv ölkələr arasında münasibətlərin inkişafına və əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib.

Cece Odonqo, Azərbaycanın mürəkkəb bir dövrdə QH-yə sədrlik etməsinə baxmayaraq, Hərəkatın nüfuzunun artmasında göstərdiyi nümunəvi səylərə görə təşəkkürünü ifadə edib. Bu xüsusda, Azərbaycanın uğurlu sədrlik təcrübəsinin davam etdirilməsi üçün mövcud təcrübənin bölüşülməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlkiİsveçin NATO-ya üzv olması ilə bağlı məsələdə irəliləyişə nail olunub
NövbətiAzərbaycan ilə Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub