Azərbaycan və Rusiya vətənə qayıtmaq istəyən vətəndaşları barədə razılığa gəldi

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev iki ölkə vətəndaşlarının qarşılıqlı şəkildə vətənə qaytarılması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ikitərəfli işçi qrupunun fəaliyyəti nəticəsində bu gün dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq. Həmçinin hələlik Rusiya ərazisində vətənə qaytarılmağı gözləyən Azərbaycan vətəndaşlarının sığınacaq, qida, tibbi xidmət ilə təmin olunması məsələlərini iki ölkə birgə həll edəcək.

Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Mətbuat xidmətindən hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilib.

ƏvvəlkiXalq şairi Xəlil Rza Ulutürkə həsr olunan videoçarx hazırlanıb
NövbətiErmənistanla sərhəddə xidməti-döyüş fəaliyyətinin təşkili yoxlanılıb