Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov
“Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib.

O bildirib ki, “Rusiya Dəmir Yolları” ASC dəmir yolları
şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun
və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Transsibir magistralı
bunun əyani göstəricisidir.
Cavid Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və
əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda 10-cu
Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilməsi,
Azərbaycanın Birincı vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər
tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona
“Dostluq” ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir.
Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş
əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları
beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları
Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir
neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət
göstərir.
Hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid
məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında
müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında
yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin
müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-
Qars dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki
ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.
Cavid Qurbanov həmçinin Transsibir magistralının potensialı ilə
BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya
layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət
başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə,
tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit
daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan
səmərəli istifadəyə səbəb olacaq.

ƏvvəlkiPrezident İlham Əliyev: “BP ilə əməkdaşlığımız strateji əhəmiyyətə malikdir”
NövbətiErmənistan atəşkəs rejimini 22 dəfə pozub