Azərbaycan və Polşa XİN başçıları enerji və nəqliyyat dəhlizləri layihələrini müzakirə ediblər

Azərbaycanın xarici işləri naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində nazir bu ölkədən olan həmkarı Yaçek Çaputoviç ilə görüşüb.

XİN-dən “Report”a verilən məlumata görə, nazirlər arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkünü bildirib.

Eyni zamanda Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastuktur layihələri haqqında məlumat verən E.Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Y.Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.

Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə ediblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

ƏvvəlkiAzərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçirilib
NövbətiPrezident Şirvanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına vəsait ayırıb – SƏRƏNCAM