Azərbaycan və Gürcüstan dəmir yolları rəhbərləri arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində
“Gürcüstanın Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid
Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan
əməkdaşlıq əlaqələri, ölkəmizin nəqliyyat-logistika imkanları, dəmir
yolunda həyata keçirilən islahatlar barədə danışıb. Bakı-Tbilisi-Qars
dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat
dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı
məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin
gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının
artırılmasına istiqamətlənib. Bakı-Tbilisi-Qars dəmir yolunun
əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal
səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı
yoldur. Ona görə də istifadəyə veriləndən sonra bu marşruta maraq daha
da artıb. Sonra hər iki ölkənin dəmir yoları arasında əməkdaşlıq
əlaqələrinin perspektivləri ilə bağlı müzakirələr aparılıb. “Gürcüstan
Dəmir Yolları” SC-nin baş direktoru David Peradze bildirib ki, bu
dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da
yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Hazırda bu
marşrutun imkanlarından istifadə edilərək, yüklər Azərbaycan və
Gürcüstan üzərindən keçməklə, Çin, Orta Asiya ölkələrindən Türkiyəyə
və əks istiqamətə daşınır. Görüşün yekununda ikitərəfli əməkdaşlığın
inkişaf perspektivləri ilə bağlı protokol imzalanıb .

ƏvvəlkiAlbert Aqarunovun heykəlinin açılışı olub
Növbəti259 azərbaycanlı gənc xaricdə təhsil alır