Azərbaycan qlobal pandemiyaya qarşı çevik addımlar atan ölkələrdəndir

Bu gün kainatımız yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə üz-üzədir. İnsanların sağlamlığını təhdid altına alan virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağlamaq, kütləvi tədbirləri təxirə salmaq, iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, tibbin, texnologiyaların inkişaf etdiyi dövrdə bir sıra Avropa ölkələrində infeksiyanın yayılması nəzarətdən tamamilə çıxıb.

Dünyada qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər aktuallığını qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

O bildirib ki, hər zaman ölkə vətəndaşlarının yanında olan, onların sevincinə də, dərd-sərinə də şərik çıxan Prezident İlham Əliyev koronavirus epidemiyasının sərhəd tanımadığı belə bir çətin vaxtda vətəndaşların təhlükəsizliyinin təmin edilməsini ən vacib, prioritet məsələlərdən olduğunu bir daha təsdiq etdi. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət ünvanlaması da koronavirusla bağlı vəziyyətin, əhalinin sağlamlığının etibarlı qorunmasının ölkə rəhbərliyinin nəzarəti altında olduğundan xəbər verir.

“Lakin görülən bütün təxirəsalınmaz tədbirlərlə yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Unutmamalıdır ki, COVID-19 sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərlərsə, həyata keçirilən tədbirlərə dəstək olarlarsa, təkcə özlərinin deyil, ailəsinin, doğmalarının səhhətini qorumuş olar, ən başlıcası, dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar”, – deyə P.Kərimzadə əlavə edib.

ƏvvəlkiDünyada koronavirusa yoluxanların sayı 220 mini ötdü
Növbəti10 yaşlı Nərminin qətlində təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı