Azərbaycan ombudsmanı Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

“Hesab edirik ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Laçın yolu ilə əlaqədar son bəyanatı Ermənistanın siyasi manipulyasiyası əsasında Azərbaycanın Xankəndi şəhərində humanitar vəziyyətlə bağlı formalaşmış yanlış iddialara dəstək prosesinin davamıdır.

Biz Avropa Şurasının komissarından belə həssas məsələ ilə bağlı daha dərin araşdırma aparmaqla, vəziyyətin normallaşmasına xidmət edə biləcək, hazırda çox vacib əhəmiyyət daşıyan sülh prosesinə əhəmiyyətli töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirdik.

Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır.

Biz Avropa Şurasının insan hüquqları üzrə komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regiondakı mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyalara xidmət edən və sülh quruculuğu prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini dəstəkləməyə dəvət edirik”, – deyə Səbinə Əliyevanın cavabında vurğulanıb.

ƏvvəlkiAzərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yola salıb
Növbəti“Binə” və “Sədərək” ticarət mərkəzlərində subasmadan zərər çəkənlər sığorta ödənişi alacaq