Azərbaycan Milli Xalça Muzeyində “Xəttin şifrəsi” kitabının təqdimatı olub

Dekabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində professor, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Xəttin şifrəsi” kitabının birinci cildinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək kitab barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, kitabda xalçalarda “nöqtə” və “xətt” anlayışlarından, bu həndəsi elementlərin Azərbaycan və digər türkdilli xalqların mifoloji dünyagörüşünə təsirindən bəhs olunub. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi sənət nümunələrini də bəzəyən nöqtə və xətlərin yaratdığı semantik mənalar açıqlanıb. Müəllif uzun illər apardığı araşdırmalar əsasında xətt anlayışına tarixi-fəlsəfi aspektdən yanaşaraq onların rəmzi xüsusiyyətlərini göstərib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, bu tədqiqatda Azərbaycanın xovsuz xalçalarının xətt anlayışı ilə bağlı sirləri açıqlanır. Bu da onların semantikasına aid mənşəyinin öyrənilməsində olduqca böyük əhəmiyyət kəsb edir. Məmmədhüseyn Hüseynov öz əsərində xəttin incəsənətimiz üçün sıradan bir element olmadığını elmi baxımdan mühüm araşdırmalarla sübut edir.

“Xəttin şifrəsi” kitabında xalça sənətimizlə milli etnoqrafiyamızın ayrılmaz tellər kimi bir-birinə bağlılığı zəngin illüstrativ nümunələrlə təsdiq olunur. Bu nümunələrin əsas qismi Azərbaycan Milli Xalça Muzeyinin eksponatlarından ibarətdir. Müəllif xətt anlayışının fəlsəfi məqamlarını, inanclardan qaynaqlanan rəmzlərini, qədim palazlarımızda, xalçalarımızda və bu kimi digər nümunələrdə göstərməklə milli-mədəni irsimizin zənginliyinə də diqqət çəkmişdir. Gənc nəsillərin dünya muzeyləri və şəxsi kolleksiyalarda saxlanılan xalçalarımızın, eyni zamanda Azərbaycan naxışları ilə əlaqəli sənət əsərlərimizin bədii təhlilini və mənşəyini təyin etməkdə bu kitab əvəzsiz rol oynayacaq. Təbii ki, bu işin arxasında Məmmədhüseyn Hüseynovun böyük zəhməti və geniş tədqiqatçılıq təcrübəsindən irəli gələn sənətsevərliyi dayanır”, – deyə C.Feyziyev vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Fazil Mustafa, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev çıxışlarında qeyd ediblər ki, xalçaçılıq sənəti zəngin tarixi keçmişə malikdir. Əsrlərlə Azərbaycanın mədəni irsini zənginləşdirən bu sənətin əlifbası xalqımızın tarixini, dünyagörüşünü, həyat fəlsəfəsini özündə əks etdirən naxışdır. Təbiətin ünsürlərini, canlı və cansız varlıqlarını ifadə edən təsvir növü kimi, naxış sənəti stilizənin ən mücərrəd təzahürüdür.

Qeyd olunub ki, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu Azərbaycan xalça naxışları, onların tarix və semantikasından bəhs edən “Xəttin şifrəsi” kitabı gələcək tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayacaq.

ƏvvəlkiBakıda “Media savadlılığı” konfransı keçirilib
NövbətiTürkiyənin ticarət naziri “Bakı KOB evi”ndə olub