Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq AMB 2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.

Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməyib. Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2,6% təşkil edib ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15,4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsul və xidmətlərin 46,4%-nin qiymət artımı 2%-dən aşağı olub.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4,8% artıb. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9,5% yüksəlib. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0,9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.

Son meyilləri nəzərə almaqla AMB cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər edib. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2,8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şərait yumşalmaqda davam etmişdir ki, bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət edir.

Manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır.

Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62,5%-dən noyabr ayında 54,1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54,6%-dən 49,5%-ə enib.

Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1% artıb. O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11,6% artıb.

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enib. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih edib. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaq.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

ƏvvəlkiYAXIN GƏLƏCƏYİN DÜNYASI VƏ AZƏRBAYCAN
NövbətiAzərbaycan dəmir yollarında pilotsuz taksi xidməti 2020-ci ildə tətbiq ediləcək