Azərbaycan idman gimnastları dünya çempionatında mübarizəyə başlayır

Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatına start verilib.

“Report”un məlumatına görə, 7 gün davam edəcək yarışda Azərbaycanı kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edir.

Mundialda 58 ölkənin idmançıları 12 dəst medal uğrunda mübarizə aparacaq. İlk medallar oktyabrın 21-də qadınların çoxnövçülüyündə sahibi tapacaq. Ertəsi gün kişilər arasında mütləq dünya çempionu müəyyənləşəcək.

23-24 oktyabrda ayrı-ayrı növlərdə qaliblər bəlli olacaq. Qadınlar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlərdə, kişilər isə xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar və turnikdə çıxış edəcəklər.

Qeyd edək ki, əvvəlki dünya çempionatı 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində baş tutub. Azərbaycanın 4 idmançısından heç biri yarışda medal qazana bilməsələr də, İvan Tixonov və Marina Nekrasova lisenziya əldə ediblər.

ƏvvəlkiXəzərdə Azərbaycan sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb
NövbətiHökumət bu həftə əməkhaqları və pensiyaların artırılması ilə bağlı təkliflərini təqdim edəcək