Azərbaycan əsilli dünya şöhrətli plastik-cərrah: “Ailəmizi hər zaman gözüyaşlı gördüm” – MÜSAHİBƏ – VİDEO

Azərbaycan əsilli dünya şöhrətli plastik-cərrah, İstanbul Universitetinin professoru, tanınmış elm xadimi, doktor İbrahim Yıldırımın “Report”un Türkiyə bürosuna müsahibəsi.

– Sizi hər iki ölkədə, demək olar ki, əksəriyyət tanıyır və tibb elminə verdiyiniz töhfələr hər kəsə məlumdur. Əvvəlcə sizin ailənizin Türkiyəyə nə vaxt köçməsinə başlamaq istərdim…  

– Ailəmiz Azərbaycanın indiki Qazax rayonuna yaxın ərazidə, Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndində yaşıyırdı. Onlar bele deyirdilər: “Gəncə qurberniyamız, Qazax mahalımız, Ağstafa stansiyamız, Tiflis isə bazarımız idi”. O zaman Bakı çox kiçik bir şəhərdi, hər kəs Gəncə və Şəkidə cəmləşmişdi. Atamın babası Sarı Qulu məşhur cərrah idi. Onlar Qazaxda çox tanınmış ailələrdən olublar. Hətta dədəm Azərbaycanda dillərə dastan olan Qaçaq Kərəmi Çar Rusiyasının yerli nümayəndələrinin təqiblərindən qurtarıb, onu evimizdə gizlədib və ruslara təhvil verməyib. O ağır yaralıymış, dədəm d onu müalicə edib və daha sonra İrana qaçırdıb. Babamı İranda tutub Sibirə sürgün edirlər. Sarı Qulu düşərgədə zabitlərdən birinin qızını müalicə edib sağaldır. Bundan sonra zabit dədəmə deyir: “sən mənə qızımı verdin, mən də sənə azadlığını verəcəyəm. Hara istəsən, gedə bilərsən”. Dədəm də 1898-ci ildə Qazaxa qayıdır, ailəsini götürərək əvvəlcə Tbilisiyə, daha sonra Trabzona, sonda isə Amasiyaya köçür. O, Amasiyada bir həftə yaşayır və vəfat edir.

Sarı Qulunun üç övladı olur. Onlardan ikisi Türkiyədə qalır, biri isə Azərbaycan geri dönür. Osmanlı dövləti ailələri Amasiyanın kəndlərinə bölüşdürür. Həmin vaxt dədəmlə birlikdə Çar Rusiyasının təqiblərindən cana doyan azərbaycanlıların əksəriyyəti Türkiyəyə pənah gətirir. Nəticədə Amasiya azərbaycanlılar üçün çox mühüm mərkəzə çevrilir. Atamdan başqa, əmilərimin ikisi də Azərbaycanda doğulub. Atam da, anam da Amasiyada dünyaya gəlib. Mən babamın adını daşıyıram. Böyük əmim Mehmet Şəmsəddin gənckən evdən ayrılır və bir daha geri dönmür. Ancaq sonradan Osmanlı dövlətində sərkərdə statusuna yüksəldiyini, ordunun öndə gedən zabitlərindən olduğunu eşidirlər. Atam Amasiyanın Quyucak kəndində doğulur. Babam çox gənckən vəfat etdiyindən atam yetim qalır və bu baxımdan, ailəmiz keşməkeşli, çətin həyat yaşayırlar. Bir tərəfdən, Vətən həsrəti, digər tərəfdən, müharibələr ailəmizi pərən-pərən salır. Ailəmiz Birinci Dünya müharibəsində, daha sonra Qurtuluş savaşında çox şəhid verdi.

– Qohumlarınızın Qazaxda qaldığını vurğuladınız. Bəs onlarla əlaqə saxlaya bildinizmi?

– Qohumlarımızla uzun illər əlaqə saxlaya bilmədik. Bir müddət sonra vəziyyət düzəldi, atam və anam da qohumları ilə məktublaşmağa başladılar. Ailəmiz Azərbaycandan gələn bütün xəbərləri həyacanla gözləyirdi. Anamın iki bibisi bizə tez-tez məktub yazırdı. Onlar da bizimlə birlikdə Türkiyəyə köç etmişdilər, ancaq burada yaşaya bilmədiklərindən geri qayıtdılar. Onlar Səməd Vurğunun tez-tez ailəmizi ziyarət etdiyini, bizdə qaldığını, şeirlər yazdığını yazırdılar. Eyni zamanda Azərbaycanda baş verənlərdən ara-sıra radiodan da xəbər tutardıq. Onları hər zaman gözüyaşlı gördüm.

– Niyə həkimlik peşəsini seçdiniz?  

– Mən 1937-ci il noyabrın 20-də Mərzifon şəhərində anadan olmuşam. Orta təhsilimi də burada aldım. Mən dədəmin yolunu getmək istəyirdim, bu səbəbdən həkim olmağa qərar verdim. Ali təhsilimi Ankara şəhərində almağa başladım, daha sonra İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində tamamladım. Yəni cərrah kimi ixtisaslaşdım  və Cərrahpaşa xəstəxanasında da həkimliyə başladım. Həmin vaxt Azərbaycanın görkəmli şairi Molla Vəli Vidadinin nəvələrindən biri olan ingilis dili müəlllimi Figən xanımla ailə qurdum.

1976-cı ildə İngiltərəyə getdim və orada plastik, rekonstruktiv və estetik cərrahlıq ixtisası üzrə təkmilləşdim. Dosent olduqdan sonra təkrar Türkiyəyə qayıtdım və Cərrahpaşa xətəxanasında ixtisasım üzrə fəaliyyətimi davam etdirdim. Ümumilikdə, ömrümün 18 ilini tibb təhsilinə verdim. Həkimlik, sadəcə, bir peşə deyil, mənim dünyamdır. 1964-cü ildən bu günədək həkim kimi fəaliyyətimi davam etdirirəm. Bu illər ərzində bütün həkimlər kimi mən də xəstələrimə ən yaxşı müalicə metodlarını tətbiq etdim. Milyonlarla tələbə yetişdirdim. ABŞ və Avropanın bir çox ölkələri başda olmaqla, dünyanın ən qabaqcıl universitetlərində mühazirə dedim, xəstəxanalarında minlərlə əməliyyatlar həyata keçirdim. Heç unutmuram, bir dəfə İngiltərədə olduğum zaman 22 saat fasiləsiz əməliyyatda olmuşdum. İndi də peşə fəaliyyətimə davam edirəm. Təbii ki, yaşlı olduğumdan çox ağır əməliyyatlara girmirəm. Məni ayaqda tutan işimə olan böyük sevgimdir.

– Tələbəlik illəriniz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının çevrəsində keçir. Bu gün də onların ailə üzvləri ilə yaxından əlaqə saxlayır, hətta onları mediaya və ictimaiyyətə tanıtmaq üçün böyük işlər görürsünüz. Həmin illəri necə xatırlayırsınız?

– Mən azərbaycanlıyam və bunu da heç vaxt unutmadım. Ailəm mənə hələ körpəlikdən haradan gəldiyimi, kim olduğumu öyrətdi. Biz eyni millətin uşaqları olaraq heç vaxt ayrı-seçkiliyə məruz qalmadıq. Mənim lüğətimdə azərbaycanlı və türk ikisi də eynidir. Heç unutmuram o günü. 1961-ci il martın 19-u idi. Böyük sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudov ilk dəfə Türkiyəyə gəlmişdi, mən də konsertə getdim. Hələ də həmin bileti saxlayıram. O qədər zövq almışdım ki, sözlə ifadə edə bilmirəm. Hər kəs onu ayaqda alqışlayırdı. Bütün azərbaycanlılar konsertdə idi. Elə bil əzizimiz, doğmamız gəlmişdi.

Doğrudan da mən şanslıyam. Çünki tələbəlik illərim Azərbaycan Xalq Cümhuriyyətini var edən böyük şəxsiyyətlərin Türkiyədə toplaşdığı illərlə bir vaxta düşdü. Mən Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan üçün azadlıq savaşı verən Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Nağı Keykurun Şeyxzamanlı, Məhəmməd Sadiq Aran kimi böyük insanları yaxından izlədim, yazılarını oxudum, seminarlarına qatıldım, onlarla bilavasitə tanış olmaq şansı əldə etdim. Bu insanlar tarixin ən acımasız illərində əzmlə Azərbaycanın bütövlüyü üçün savaşıblar. Onlar Türkiyəyə gəldikdən sonra burada da Azərbaycan bayrağını yenidən dalğalandırmaq üçün sözün əsl mənasında çırpınırdılar. Türkiyənin cümhuriyyət tarixində də bu insanların böyük izi var. Həmin vaxt onların əhatəsində olmaq mənim üçün böyük şans idi. Tələbə dostlarımla seminarlarına qatılır, onların yazdıqları bütün məqalələri böyük maraqla oxuyurduq. Azərbaycan mənim və çevrəmdə olan hər kəsin bir parçası idi. Onlarla söhbət etmək mənə zövq verirdi. Onlar türk sevdalısı idilər və bunu bütün qərarlarında açıq şəkildə göstərirdilər.

Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai-siyasi fikir tarixinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə Rusiyada Dermatologiya ixtisasına yiyələndikdən sonra ona çox yaxşı şərtlərlə orada qalıb işləmək təklif olunmuşdu. Ancaq bu təklifi qəbul etməyərək Türkiyəyə üz tutur və burada vətəni üçün çalışır. Mən həmin böyük şəxsiyyətlərin ailə üzvləri ilə bu gün də görüşürəm, onların evlərinə gedirəm, ziyarət edirəm. Elə Əli bəy Hüseynzadənin arxivinin Azərbaycana bağışlanması üçün tam 15 il çalışdım. Onun qızı Feyzavər Turan Alpsarla (hazırda 100 yaşı var) mütəmadi olaraq söhbətlər edir, böyük insandan geriyə qalanların itib getməməmsi üçün bu işin zəruri olduğunu deyirdim. Nəhayət sonda razılaşdı və atasının bütün şəxsi əşyalarını Azərbaycanın İstiqlal Muzeyinə hədiyyə etdi. Mən buna nail olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Çünki mən həmin ailələrin uşaqları ilə böyüdüm, onlarla daima informasiya mübadiləsi etdim.

Bu gün İstanbulda və Avropanın bir çox ölkələrində Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdın Tağıyev başda olmaqla, Azərbaycan üçün həqiqətən canını ortaya qoyan böyük fədailərin övladları yaşayırlar. Həmin şəxsiyyətlər böyük insanlar olsalar da, övladları elə deyil. Təəssüf ki, onların bir çoxu azərbaycanlı olduğunu unudublar və ölkə üçün faydasız inanlardır. Ancaq Vətənlə bağları qalmayan insanlar var. Ancaq bununla belə, Azərbaycan sevdalıdırlar. Həmin insanları tapıb ortaya çıxarmaq daha faydalıdır.

– Azərbaycanın müstəqilliyinin ilk illərində, Qarabağ müharibəsində yaralanmış döyüşçülərimizin müalicə olunmasında, ölkəmizə dərman ləvazimatlarının gətirilməsində, tibb kadrlarının hazır­lanması məqsədilə azərbaycanlı gənclərin qardaş Türkiyənin ali məktəblərində təhsil almasında xüsusi xidmətləriniz var. Hətta keçmiş SSRİ-də cərrahiyyə əməliyyatı aparan ilk türkiyəli həkimsiniz…

– Mən ömrümün hər gününü Azərbaycan sevdasıyla yaşamışam. Hər zaman Azərbaycanla nəfəs almışam və bu ölədə baş verən hər bir şeydən xəbərdaram. Mən ilk dəfə 1990-cı ildə sovetlər dönəmində keçmiş SSRİ ilə Türkiyə arasında mədəniyyət anlaşmalarına əsasən əvvəlcə Rusiyaya, sonra isə Azərbaycana səfər etdim. İlk öncə Bakıya, sonra Qazaxa getdim. Xalq şairi Mirvari Dilbazi də bizimlə gəldi. Qazaxda həm özümün, həm də yoldaşımın qohumlarını tapdım, onlarla görüşdüm. Qazaxda Hacı Mahmud Əfəndinin türbəsini ziyarət etmişdik, həmin günləri dünənki kimi xatırlayıram. Qazax ləhcəsi o qədər qulağıma xoş gəlirdi ki, uzun illərdir orada yaşadığımı zənn edirdim.

Bu səfərim zamanı Bakıda və Gəncədə universitetlərdə 20 mühazirə ilə çıxış etdim. Həmin vaxt oteldə qalırdım. Səhiyyə naziri Təlat Qasımov arxamca maşın göndərdi. Görüşümüzdə beynəlxalq konfrans keçirmək üçün məndən kömək istədi. Biz 1990-cı il oktyabrın 27-30-da SSRİ-də ilk dəfə olaraq I Türkiyə-Azərbaycan Cərrahiyyə Simpoziumunu keçirdik. Həmin tədbir üçün Azərbaycan və türk dilində hazırladığımız kitabları xatirə olaraq saxlayıram. Tədbirə çoxlu sayda təcrübəli həkimlər qatılmış və çox uğurlu alınmışdı.

Bundan başqa, 1991-ci ildə təkrar Azərbaycana getdim. Bizi 1 saylı Kliniki Tibbi Mərkəz dəvət etmişdi və könüllü şəkildə anadangəlmə qüsurlu, yanıq və zədə çapıqları olan 227 xəstə üzərində cərrahiyyə əməliyyatı apardıq. Bir gündə 34 əməliyyat etmişdik və apardığımız bütün avadanlıqları daha sonra həmin xəstəxanaya hədiyyə ettik. 1993-cü ildə Qarabağ müharibəsində yaralanan yüzlərlə azərbaycanlının müalicəsi üçün Bakıya getdik. Hərbi hospitalda 62 nəfər üzərində ağır əməliyyatlar reallaşdırdıq. Bundan sonra əlaqələrimiz daha da gücləndi və Türkiyədə azərbaycanlı tələbələr yetişdirməyə qərar verdik. Bununla da hər iki ölkə arasında tibb sahəsində qarşılıqlı tələbə mübadiləsini də ilk dəfə mən reallaşdırdım. 1992-ci ilin noyabr ayında Azərbaycandan 10 nəfər tibb sahəsi üzrə təhsil alan tələbəni İstanbula gətirdim və onlardan 5-ni İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində və 5-ni də İstanbul Çapa tibb fakültəsində qəbul etdirdim. Onları təhsillərini başa vurduqdan sonra hazır mütəxəssis kimi Azərbaycana geri göndərdim. Bu gün həmin həkimlər Azərbaycan xalqına xidmət etməkdədir. Onların arasında məşhur ürək cərrahı Kamran Musayev, plastik-cərrah Vaqif Qələndərli, uroloq Vasif İsmayılov, radioloq Rasim Bayramov mənim tələbələrim olub.

Mən daha sonra 97 nəfər tibb sahəsi üzrə təhsil alan tələbəni Türkiyəyə gətirdim, müxtəlif sahələr üzrə ixtisaslaşdırdım və Azərbaycana geri göndərdim. Mən onların hər birini ayrı-ayrı ixtisaslara yönləndirdim ki, Azərbaycana qayıdanda bir-biriləri ilə mübarizə aparmasınlar, dəstək olsunlar. Azərbaycan və Türkiyə arasında tələbə mübadiləsi elə o vaxtdan başladı və uğurlu şəkildə bu gün də davam etməkdədir. Milyonlarla azərbaycanlı tələbə indi Türkiyənin ən qabaqcıl ali təhsil müəssisələrində oxuyurlar. Onları görəndə çox sevinirəm ki, Azərbaycanın güclü gəncliyi var. Ancaq onlara bir neçə tövsiyələrim var. Keçmişlərini untmasınlar, oxusunlar, daimi oxusunlar. Yalnız və yalnız güclü elmlə onlar çox yüksəklikləri fəth edə biləcəklər. Azərbaycandakı gənclərə bir də bunu demək istəyirəm ki, əgər dünyada kimliyinizi dərk etmək istəyirsinizsə, gələcəyiniz tək ölkə Türkiyədir. Azərbaycan və Türkiyə gəncliyi tarixini yaxşı oxumalı və əsla unutmamalıdır.

– Siz hər zaman çıxışlarınızda Türkiyədə Azərbaycan dərnəklərinin fəaliyyət göstərməsinin lazımsız olduğunu vurğulayırsınız. Niyə belə düşünürsünüz?

– Türkiyədə Azərbaycan diasporu olmamalıdır. Bir millətin öz içərisində diasporunun olması nəyə lazımdır. Biz ətlə dırnaq kimiyik. Keçmişə baxdığımız zaman görürük ki, ilk dəfə Türkiyədə Azərbaycan dərnəyi 1949-cu ildə Ankarada Məmməd Əmin Rəsulzadə tərəfindən quruldu və ondan sonra təsis edilən heç bir dərnək yaşamadı. Çünki onlar başqa məqsədlər, maraqlar üçün qurulurlar. Bu gün də yeni-yeni dərnəklərin fəaliyyətə başladığını görürəm. Axı bunlara nə gərək var? Bunlar kimə və nəyə lazımdır? Mən Azərbaycanla bağlı bütün tədbirlərdə deyirəm və deyəcəyəm də. Türkiyədə, sadəcə, kültürün, mədəniyyətin təbliği, qaynayıb-qarışması üçün dərnək olmalıdır. Başqa məqsədlər üçün qurulmuş heç bir dərnək yaşamaz. İnanın Azərbaycanla Türkiyəni ayırmağa çalışan hər kəs məhv olacaq. Tarix bunu göstərəcək.

Vüsalə Abbasova

ƏvvəlkiQobustan-Poladlı avtomobil yolu istifadəyə verilib
NövbətiAğsu, Şamaxı və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün görülən işlər açıqlanıb