“Azəristiliktəchizat”: Bu gündən istiliyin verilməsinə başlanılıb

Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.

Bunu “Report”a eksklüziv açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub:

“Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.

“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.