“Azərenerji” dənizdə böyük estakada tikir

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.

“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, məhz buna görə də, “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı.

Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı temperaturda olacaq. Estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.

Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır.

Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos stansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.

“Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.