Xəzər dənizində gəmiyə su dolub, sərnişinlər təxliyə ediliblər

Bu gün saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib.

Qeyd olunub ki, hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.

ƏvvəlkiMilli Məclisin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb
NövbətiXarici İşlər Nazirliyinin rəhbər heyəti şəhid Orxan Əsgərovun məzarını ziyarət edib