Azərbaycanda “Peugeot”nun yeni modeli istehsal olunacaq

“AzərMaş” ASC “Peugeot”nun yeni modelinin istehsal xəttinin işə salınması ilə bağlı işlər aparır. Bunu ONA-ya şirkətin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, söhbət “Peugeot-301” modelindən gedir ki, onun istehsalına cari ildə start veriləcək.
“Bu modelin satış qiyməti 17-18 min manat arası olacaq. Söhbət avtomatik transmissiya ilə təchiz olunan avtomobillərdən gedir”, – deyə E. Axundov qeyd etdi.

E. Axundovun sözlərinə görə, hazırda “AzərMaş” zavodunda “Peugeot Khazar” modeli istehsal edilir, gələcəkdə isə müəssisə tərəfindən “Peugeot-206” və “Peugeot-207” modellərinin də istehsalı nəzərdə tutulub.

Qeyd olunduğu kimi, istehsal olunan avtomobillər ilkin olaraq daxili bazarda satışa çıxarılacaq, sonrakı mərhələdə isə digər bazarlara ixrac ediləcək.

Ümumiyyətlə, şirkət tərəfindən gələcəkdə “Peugeot”nun 9 modelinin istehsalı nəzərdə tutulub. Layihə “Iran Khodro Industrial Group” şirkəti ilə müştərək olaraq icra olunur.