“Böyüklərimizi qoruyaq!” sosial aksiyası davam edir

Yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya həyata keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sosial aksiya xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə dəstək məqsədi daşıyır. Aksiya çərçivəsində Təhsil Nazirliyinin 50-dən çox tələbə-könüllüsü Bakının 12 rayonunda və Abşeron ərazisində yaşayan, yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara sosial xidmətin göstərilməsinə könüllü dəstəyi verirlər.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən “Azərmaş” ASC-nin təşəbbüsü olan bu aksiya çərçivəsində, sosial xidmətçilərin tənha yaşlıların ünvanlarına çatdırılmaları üçün ödənişsiz taksi xidmətləri təşkil edilir. Bunun üçün müəssisə 100 avtomobil və sürücü ayırıb.

Sosial xidmətçilər və könüllülər çağırılan ünvanlara daha tez, rahat getmək və lazımi işləri operativ icra etmək üçün “Azərmaş” ASC tərəfindən təşkil edilən taksi xidmətindən istifadə edirlər. Sosial xidmətçi, könüllü və sürücülər lazımi qoruyucu vasitələrlə təmin olunublar. Xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.

Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alına bilərlər.

Operativ komandanın iş rejimi şənbə və bazar günləri istisna olmaqla hər gün saat 10-dan 16-dəkdir.

ƏvvəlkiPaytaxtda soyğunçuluq edən dəstə üzvləri tutulublar
Növbətiİlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib