Azərbaycanda məlumat təhlükəsizliyi üzrə nəzarət mexanizmləri necə qurulmalıdır? – Azər Əlili AÇIQLADI

Azərbaycanda məlumat təhlükəsizliyi üzrə nəzarət  mexanizmlərinin düzgün qoyulub-qoyulmadığı ciddi yoxlanılmalıdır.

Bu sözləri Türk.az-a açıqlamasında  PASHA Holdingin İnformasiya texnologoyiları üzrə Audit mərkəzinin rəhbəri Azər Əlili bildirib.

Qeyd edək ki, Azər Əlili yaxın günlərdə Dubayda keçirilən “Təhlükəsizlik  Tədbirləri sektorunda yenilikləri  göstərən lider” tədbirində (https://isnrabudhabi.com) ölkəmizi təmsil edib. Ölkəmizdə İT audit sahəsi üzrə ən çox  təcrübə, beynəlxalq sertifikatlar, seminar iştirakçısı və yerli və xarici bir çox şirkətə konsultasiya verməklə lider xüsusiyyətləri özündə birləşdirən Azər Əlili bildirib ki, İnformasiya Texnologiyalarının  artıq iş həyatının hər sahəsində çox əhəmiyyətli yeri var. Texnologiyanın alətləri sayəsində müxtəlif işləri yerinə yetirə bilir. “Kompüterdə bir çox hesabatlar yaradaraq, lazımi sorğular həyata keçirərkən, maraqlı tərəflərə təklif olunan xidmətlərin  səmərəliliyi və müxtəlifliyini artırır, bununla da məlumatı çox sürətlə paylaşa bilirik”, – deyə vurğulayıb.

2011-ci ildən PASHA Holdingdə İT Auditin qurulmasında iştirak və rəhbərlik edən Azər  Əlili 2019-cu ildə daha da peşəkar komanda formalaşdıraraq 10 nəfərdən çox  əməkdaşı olan İTEC (İnformation Technology Excellence Center) altında İT audit yoxlamalarının aparılmasını artıq daha ətraflı və beynəlxalq standartlar çərçivəsində olmasını təmin edib.

A.Əlili bildirib ki, hüquqi öhdəliklər və reputasiya ilə bağlı narahatlıqlar təşkilatları böyük  büdcələrlə təhlükəsizliyə investisiya qoymağa məcbur edir: “Bununla belə, nə qədər  təhlükəsizlik kifayət edəcək? Bu suala cavab vermək çox çətindir. Bunun həddihüdudu ilə bağlı qəti qərara gəlmək mümkün deyil. Hər keçən gün yeni hücum modeli  və ya bahalı sistemlərdə kiçik bir zəifliyin istismarı nəticəsində məşhur şirkətlərdən  əhəmiyyətli məlumat sızması ilə bağlı xəbərlər gəlir. Təhlükəsizliyə nəzarət və nəzarət  mexanizmlərindəki zəifliklər əsas təhlükəsizlik prinsiplərinin nə dərəcədə yerinə yetirildiyi və ya pozulduğu dərəcəsi əsasında qiymətləndirilir. Bunun nəticəsində qarşılaşdığımız əsas risklər isə reputasiyanın itirilməsi, maliyyə itkisi və requlyatorun və standartların tələblərinin pozulmasıdır. Hamımızın bildiyi kimi, proseslərə nəzarəti  mütəmadi olaraq izləmək və qiymətləndirmək vacibdir. Nəzarət mexanizmlərinin layihələndirilməsi, həyata keçirilməsi və icrasına cavabdeh olan şəxslərdən başqa biri  tərəfindən qiymətləndirilməsi qiymətləndirmənin keyfiyyətini artırır. Təşkilatların  ümumilikdə informasiya təhlükəsizliyinə və xüsusilə kibertəhlükəsizliyə nəzarəti  müstəqil və səlahiyyətli bir yanaşma ilə yoxlanılmalı və qiymətləndirilməlidir”.

Qeyd edək ki, Azər Əlili 2007-ci ildən İT sferasında çalışır. Bu keçən illərdə İT  audit, informasiya təhlükəsizliyi, İT risklərin idarəedilməsi sahələrində bir çox  beynəlxalq sertifikat və mükafatlara layiq görülüb. 2019-cu ildən təşəbbüsü ilə qurulan İT Audit yoxlama mərkəzində bu sahədə potensiallı gənclərin yetişdirilməsi,  inkişafı ilə məşğul olur. Öz komandası ilə ölkənin ən böyük struktura malik holdinginin  bütün strateji aktivləri üzrə İT Auditlərə rəhbərlik edərək bu sahə üzrə ölkəmizdə əvəzsiz təcrübə və biliklərə malikdir.