Azərbaycan Gürcüstanda keçirilən “Hackathon” müsabiqəsində təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Texnoparkda beynəlxalq “Hackathon” müsabiqəsinə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, müsabiqə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdindəki İnnovasiyalar və Texnologiyalar Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilir.

“Hackathon” müsabiqəsinin məqsədi “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyəti ilə qarşılıqlı rəqəmsal əlaqənin dəstəklənməsi, dövlət qurumlarının şəffaflığının artırılması və vətəndaşların qərarqəbuletmə prosesində daha geniş iştirakını təmin etməkdir.

Yarışma həmçinin vətəndaş cəmiyyəti fəalları, informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin təcrübə mübadiləsi, əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsini də təşviq edəcək.

Müsabiqəyə Gürcüstanla yanaşı, Azərbaycan, Belarus, Ermənistan, Moldova və Ukraynadan olan 70-dən çox vətəndaş cəmiyyəti fəalı, dizayner və İT ekspertləri qatılıb.

Yarışma çərçivəsində iştirakçılar vətəndaşların dövlət orqanlarında qərarqəbuletmə prosesində iştirakına imkan verəcək rəqəmsal alətlərin prototipləri və veb-platformalar hazırlayacaqlar. İyunun 16-da müsabiqənin yekun mərhələsində komandalar layihələrini təqdim edərək bir-birləri ilə yarışacaqlar. Qalib gələn komandanın rəqəmsal məhsulunun reallaşdırılması tam olaraq maliyyələşdiriləcək.

ƏvvəlkiAzərbaycan bu ilin ilk 5 ayında neft məhsullarının ixracından 220 mln. dollar gəlir əldə edib
NövbətiBirinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib