Avropa Parlamenti korrupsiyayla bağlı 2 deputatın toxunulmazlığının ləğvi proseduruna başlayıb

Avropa Parlamentinin sədri Roberta Metsola Belçika hüquq-mühafizə orqanlarının korrupsiya ittihamları ilə bağlı iki deputatın toxunulmazlıqdan məhrum edilməsi prosedurunu başladıb.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Avropa Parlamentinin press-relizində deyilir.

“Sədr Metsola, Belçika məhkəmə orqanlarının tələbi ilə Avropa Parlamentinin iki deputatının toxunulmazlıqdan məhrum edilməsi üçün təcili prosedur başladıb. Artıq ilk prosessual tədbirlər görülüb, sədr bu barədə yanvarın 16-da keçiriləcək plenar iclasda məlumat verəcək. Daha sonra qərar qəbul edilməsi üçün vəsatət hüquq komitəsinə təqdim olunacaq”, – deyə press-relizdə bildirilir.

Söhbətin hansı deputatlardan getdiyi barədə məlumat verilmir.