Avropa çempionatı: Əliyar Ağayev açılış oyununu idarə edib, Kaşuk Ukraynaya qələbə qazandırıb

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.

“Report”un məlumatına görə, turnirin Belçika və Niderland yığmaları arasında keçirilən açılış oyununu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib. Gürcüstanın paytaxtı Tbilisidəki “Mesxi” stadionunda oynanılan A qrupunun matçında qapılara qol vurulmayıb.

36 yaşlı referi görüş ərzində 5 dəfə əlini cibinə atıb. O, “qırmızı şeytanlar”dan 3, “narıncılar”dan isə 2 futbolçuya sarı vərəqə göstərib.

Bu qrupun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla üstələyib.

B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyanı məğlub edib – 2:0. Hesabı ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib.

B qrupunun Rumıniya – İspaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

ƏvvəlkiHakan Fidan Blinkenlə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edib
NövbətiXİN başçısı: “Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir”