Astaranın sitrus bağlarında feyxoa yığımına başlanılıb

Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, feyxoa yığımı əsasən, şəxsi təsərrüfatlarda aparılır.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, rayonda mövcud olan 871,7 hektar feyxoa bağından 591,3 hektarı bar verən sahələrdir. Ötən il feyxoa bağlarından 7581,2 tona yaxın məhsul yığılıb.

Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün hava şəraiti əlverişli olmadığından bu il məhsuldarlıq keçən ilə nisbətən daha aşağıdır. Amma buna baxmayaraq, feyxoanın qiyməti münasibdir. Hazırda fermerlər feyxoanın bir kiloqramını 1-1,50 qəpiyə yığım məntəqələrinə təhvil verirlər.

Təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satışa çıxarırlar. Məhsul yığımı isə noyabrın ortalarına qədər davam edəcək.

Qeyd edək ki, feyxoa bitkisini becərmək o qədər də ağır zəhmət tələb etmədiyindən, Astarada bu meyvə ağacının əkininə maraq artıb. Onu hətta digər sitrus bitkiləri üçün yararlı olmayan torpaq sahələrində də əkmək mümkündür. Ən əsası isə feyxoanı digər sitrus bitkiləri kimi şaxtadan qorumaq lazım gəlmir, yalnız qarlı havalarda örtüklə bürümək kifayətdir ki, qarın ağırlığı məhsuldar budaqları sındırmasın.

ƏvvəlkiGəncədə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd edilib
NövbətiTürkiyədə 4,2 maqnitudalı zəlzələ olub