ASCO şəhid övladları üçün bayram tədbiri təşkil edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaxt klub”da tədbir təşkil edib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, bayram şənliyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin övladları və onların valideynlərinin iştirakı ilə baş tutub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs olunub, Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, şəhid ailələrinin rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. ASCO ailəsi də bu siyasətə sadiq qalaraq mütəmadi şəkildə şəhidlərimizin əmanətlərinə dəstək göstərir.

Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar təşkil edilib. Şəhid fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər.

Bayram şənliyinin sonunda uşaqlara ASCO adından hədiyyələr paylanılıb.

ƏvvəlkiPrezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
NövbətiBakıda bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsi başlayır