AQTA Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.

AQTA-dan “Report”a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.

ƏvvəlkiBakıda narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb
Növbəti“EYOF 2019”: Azərbaycanın aktivinə ikinci qızıl medalı sərbəst güləşçimiz Murad Haqverdiyev yazdırıb