Ankarada TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının toplantısı keçirilib

23-24 yanvar 2019-cu il tarixlərində Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) dəstəyi və TÜRKPA-nın təşkilatçılığı ilə “Meşələrin təbii sərvətlərinin qorunması və təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi” mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində keçirilən seminarın əsas məqsədi, xüsusilə TÜRKPA üzv ölkələri arasında meşə idarəçiliyi və təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi nəzərə alınmaqla komissiyanın gündəliyinə töhfə vermək olub.

Seminarda üzv ölkələrdən olan parlamentarilər və ekspertlər, eləcə də Türkiyənin Meşə, Təbiətin və milli parkların qorunması, Mədən və neft işləri üzrə idarələri kimi müvafiq agentliklərinin nümayəndələri toplaşıb.

Seminar sözügedən komissiyanın və Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və eyni komissiyanın sədr müavini və TBMM-nin üzvü Recep Şekerin moderatorluq etdikləri iki sessiyadan ibarət olub. Birinci sessiyanın açılış mərasimində TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TBMM-nin üzvü və TÜRKPA-nın Hüquqi və Beynəlxalq münasibətlər komissiyasının sədr müavini İsmet Uçma, TBMM-nin Ətraf mühit komissiyasının sədri Muhammet Balta və TBMM Sədrinin müavini Mustafa Şentop çıxış edib.

Seminarda üzv ölkələrdən olan ekspertlər və Türkiyənin müvafiq agentliklərinin nümayəndələri göstərdikləri təqdimatlarda üzv ölkələrdə cari vəziyyət, qanunvericilik və institusional çərçivəyə dair məlumat verib, eləcə də məsələyə dair müzakirələr aparıb.

İştirakçılar tərəfindən yekun sənəd olaraq seminarın komissiyanın Bişkek şəhərində keçirilməsi planlaşdırılan 5-ci iclasında təqdim ediləcək yekun hesabatı qəbul edilib.

TÜRKPA üzv ölkələrinin meşə idarəçiliyi və təbii sərvətlərin səmərəli istifadəsinə xüsusi önəm verdiyini nəzərə alaraq, yekun hesabatda siyasi və qanunvericilik çərçivələrinin təkmilləşdirilməsi, meşə təsərrüfatının institusional strukturlarının və imkanlarının gücləndirilməsi və təbii ehtiyatların mütəmadi istifadəsi, təbii ehtiyatların davamlı idarə olunması üçün ictimaiyyətin məlumatlandırılması və maraqlı tərəflərin iştirakının gücləndirilməsi, eləcə də TÜRKPA üzv ölkələrində meşələr və təbii sərvətlərin səmərəli istifadəsinə dair seminar, forum və digər tədbirlərin keçirilməsi vurğulanıb.

ƏvvəlkiTürkmənistan neftinin Novorossiysk limanına ixracı bərpa edilir
NövbətiMagistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb