Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” mövzusunda VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq universitetin Kimya fakültəsinin kimya elminin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib. Analitik kimya kafedrasının inkişafında akademik Rəfiqə xanım Əliyevanın müstəsna xidmətlərini diqqətə çatdırıb. Rektor son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən danışıb, universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

E.Babayev Kimya fakültəsinin ölkədə geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik kimyaçı kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov onlayn konfransın yüksək səviyyədə təşkilinə görə BDU-nun rəhbərliyinə təşəkkür edib. Kimya fakültəsinin tarixi və inkişaf yolu barəsində danışan A.Əzizov kimya təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Dekan kafedranın əldə etdiyi elmi nailiyyətlərdən, araşdırmalardan, elmi əlaqələrindən bəhs edib.

Daha sonra Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayil Mirzai, ADPU-nun Analitik və üzvi kimya kafedrasının professoru Nailə Verdizadə analitik kimya kafedrasında aparılan elmi araşdırmaların kimya elminə verdiyi töhfələrdən, elmi-pedaqoji kadrların hazırlanmasında görülən işlərdən danışıblar, xatirələrini bölüşüblər, təbrik nitqləri səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər təqdirəlayiqdir.

Konfransda Türkiyə, İran, Portuqaliya və Almaniyadan nüfuzlu kimyaçı alimlər iştirak ediblər.

Plenar iclasda kimya elminə aid müxtəlif mövzularda məruzələr dinlənilib.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından 4392 nəfər sağalıb, 2284 yeni yoluxma faktı qeydə alınıb
NövbətiTehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib