AMEA “Yüksək Texnologiyalar Parkı” yerli şirkətləri əməkdaşlığa dəvət edib

Azərbaycan Mlli Elmlər Akademiyasına (AMEA) məxsus “Yüksək Texnologiyalar Parkı” MMC elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, Parkda yaradılan mkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edib.

Bu barədə Report“a qurumun mətbuatda xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Park yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktura malikdir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Parkın əsas məqsədlərindəndir.

Park innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı üçün böyük üstünlüklər təklif edir. Belə ki, Parkın ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Həmçinin Parkın rezidentləri qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xəttləri ilə təmin olunur. Bu isə sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır.

Rezident olmaq istəyən namizədlər üçün Parkın www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.

Əlaqə nömrələri: (+994 12) 376 67 56, (+994 50) 210 44 65

ƏvvəlkiErmənistan xarici işlər nazirinin Qarabağa qanunsuz səfəri 10 noyabr tarixli Bəyanata ziddir
NövbətiFormula 1 Azərbaycan Qran-Prisinin başlama saatı dəyişdirilə bilər