Almaniya və Meksika yığmalarının start heyəti açıqlandı

Futbol üzrə dünya çempionatının dördüncü günündə – iyunun 17-də üç oyun keçiriləcək.

Türk.az xəbər verir, əvvəlcə “E” qrupunda yer alan komandalar – Kosta-Rika və Serbiya, Braziliya və İsveçrə üz-üzə gələcəklər. Günün son matçında isə “F” qrupunun favoriti Almaniya yığması Meksika ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq Kosta-Rika – Serbiya görüşü “Samara Arena”da oynanılacaq. Bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda “F” qrupunun favoriti, dördqat dünya çempionu Almaniya millisi ilə Meksika yığması arasında keçiriləcək. Bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl – 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi.

Almaniya komandası dörd dəfə – 1954-cü, 1974-cü, 1990-cı və 2014-ci illərdə dünya çempionu adını qazanıb. 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.

Bakı vaxtı ilə saat 22:00-da “Rostov Arena” stadionunda “E” qrupunda yer alan Braziliya və İsveçrə yığmaları arasında oyun start götürəcək. Bu komandalar dünya çempionatlarında ilk dəfə 1950-ci ildə təşkil olunan mundialın qrup mərhələsində qarşılaşıblar. Həmin oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cı ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-ci illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazana bilmişdilər.

Xatırladaq ki, Kosta-Rika – Serbiya oyunu (saat 16:00) İdman Azərbaycan kanalında yayımlanacaq. Futbol həvəskarları Almaniya-Meksika (19:00) və Braziliya-İsveçrə (22:00) qarşılaşmalarını İdman Azərbaycan kanalında və İctimai Televiziyada izləyə biləcəklər.

ƏvvəlkiTürkiyə PKK mövqelərinə aviazərbələr endirib.
NövbətiMübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”