Ali Məhkəmənin Kollegiya sədri AŞPA-nın Azərbaycan üzrə məruzəçisi ilə görüşüb

Azərbaycanda səfərdə olan AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Sunna Thorhildur Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüb.

Ali Məhkəmədən “Report”a verilən məlumata görə, görüşdə Cinayət kollegiyasının sədri Ş.Yusifov Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Ş.Yusifov İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qısa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulub. Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir.

Ş.Yusifov qeyd edib ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir. Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb və bu təqdir olunur.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılıb.

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Sunna Thorhildur Evarsdottir və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab verib.