Aktau şəhərində Azərbaycanın turizm imkanları təbliğ edilib

Yanvarın 17-də Azərbaycanın Aktaudakı Baş konsulluğunun və Qazaxıstanda fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin birgə təşkilatçılığı ilə Aktau şəhərində “Azərbaycanın turizm imkanları” mövzusunda tədbir keçirilib.

Baş konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi “Aze Turizm” şirkətinin, Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin və Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri təmsil ediblər.

Bütün qonaqları salamlayan Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı Elçin Məmmədov belə tədbirlərin turizm sahəsində ikitərəfli və regional əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Natiq ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən yüksək səviyyəli əlaqələrdən bəhs edib. O, Azərbaycanda turizmin inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən Dövlət proqramları və müxtəlif layihələrdən danışıb və son zamanlar ölkəmizə səyahət edən xarici ölkə vətəndaşları sırasında qazaxıstanlı vətəndaşların sayca üstünlük təşkil etdiyini bildirib.

Tədbirdə “Azərbaycan Ticarət Evi”nin rəhbəri Rəhim Sultanov ticarət evinin fəaliyyətindən, həyata keçirilən layihələrdən və görülən işlərdən danışıb.

“Aze Turizm” şirkətinin rəhbəri Mehparə Məmmədova Azərbaycanın turizm imkanları barədə qonaqlara ətraflı məlumat verib.

Naftalan Müalicə-Sağlamlıq Mərkəzinin rəhbəri İlqar Hüseynov və Naftalan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tamara Həsənova Naftalan şəhərində fəaliyyət göstərən müalicə-sağlamlıq mərkəzlərindən bəhs ediblər.

Tədbirdə ölkəmizin turizm imkanlarına dair təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib.

Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları və milli suvenirlər, təbliğat materialları təqdim edilib.

ƏvvəlkiTBMM sədri Azərbaycan səfirini qəbul edib
NövbətiSumqayıtda ağır yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var