Ağsu və Şamaxıdakı yanğın söndürülüb

“Ağsu və Şamaxı rayonlarının mürəkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb”.

Bunu “Report”un Yuxarı Şirvan bürosuna Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sənan Feyzullayev deyib.

Şöbə müdirinin sözlərinə görə, yanğının lokallaşdırılması, söndürülməsi və meşə təsərrüfatlarına keçməsinin qarşısının alınması hadisə yerinə cəlb edilən canlı qüvvə, texnika və vasitələr sayəsində çətinliklə də olsa mümkün oldu: “Yanğının baş verdiyi ərazilərdə təhlükəsizlik məqsədi ilə işlər davam etdirilir. Yanğın tam söndürülüb, lakin kiçik və nəzərdən yayınan közlər və ocaq qalıqları sayəsində alov əmələ gələ və ərazidə yenidən yanğın baş verə bilər. Buna görə də FHN əməldaşları yanğının baş verdiyi ərazilərdə ən son təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Ərazidə yenidən alovların əmələ gəlməyəcəyinə tam əmin olduqdan sonra görülən tədbirlər başa çatdırılacaq”.

S.Feyzullayev əlavə edib ki, yanğın zamanı heç bir ziyan qeydə alınmayıb: “Yanğının vaxtında ram edilməsi meşə və digər təsərrüfatlara ziyan verməsinin qarşısını almış oldu”.

Əvvəlki“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın iclası keçirilib
NövbətiAzərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri “Nisan” filminin təqdimatı olub