Ağcabədidə indiyədək 15 min tona yaxın taxıl tədarük edilib

Ağcabədi rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin məhsulu üçün rayonda 27 min 640 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 19 min 989 hektarı buğda, 7651 hektarı arpadır. Taxıl biçininə ümumilikdə rayon üzrə 57 taxılbiçən kombayn cəlb edilib. Bunun 46-sı “Aqrolizinq” ASC-yə məxsus, 11 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər olan taxıl sahələri biçilir.

Ağcabədi taxılçıları indiyədək 4352 hektar sahədə biçin aparıb, 14 min 900,9 ton məhsul götürüblər. Hər hektarın orta məhsuldarlığı 34,2 sentnerdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sentner çoxdur.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.

ƏvvəlkiTürkiyənin ev sahibliyi edəcəyi V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirilib
NövbətiBaş prokuror: “Prokurorluq orqanlarında ciddi islahatların həyata keçirilməsinə başlanılıb”