ABŞ-ın San Dieqo şəhərində 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 31 dekabr 2018-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib. Bununla bağlı şəhər meri Kevin Falkoner tərəfindən müvafiq bəyannamə imzalanıb.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

1.4 milyon insanın yaşadığı San Dieqo şəhəri Kaliforniya ştatının ikinci, ABŞ-ın isə səkkizinci ən böyük şəhəridir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə Azərbaycanda qədim dövrlərdən bəri müsəlman, xristian və yəhudilərin birgə sülh şəraitində yaşadıqları qeyd olunur.

Bəyannamədə həmçinin bildirilir ki, San Dieqo və Bakı şəhərləri 2011-ci ildə tərəfdaşlıq münasibətləri yaradıblar və hər iki şəhərin əhalisi bu münasibətlərdən uğurlu şəkildə faydalanıblar.

Sənəddə San Dieqoda yaşayan Azərbaycan icmasının şəhərin mədəni müxtəlifliyi, zəngiliyi və iqtisadi inkişafına fəal şəkildə töhfə verdiyi vurğulanaraq, 31 dekabr tarixinin San Dieqoda yaşayan minlərlə azərbaycanlı da daxil olmaqla, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyi bildirilir.

Bəyannamənin sonunda San Dieqo şəhərinin meri K.Falkoner şəhər sakinləri adından 31 dekabr 2018-ci il tarixini sözügedən şəhərdə “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edir.

Qeyd edək ki, oxşar bəyannamə San Dieqo Vilayətinin Nəzarətçilər Şurası tərəfindən də qəbul olunub.

ƏvvəlkiCahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb
NövbətiBakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlara qarşı reyd keçirilib