Türkiyədə Səadət Partiyası prezidentliyə namizədini elan edib

Türkiyədə bu gündən etibarən siyasi partiyalar tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsinə başlanıb.

Türk.az-ın xəbərinə görə, seçki təqviminə əsasən siyasi partiyalar 5 may saat 17:00-a, seçicilərin təşəbbüs qrupları isə 2 may saat 17:00-a qədər öz namizədlərinin adını Yüksək Seçki Qurumuna təqdim etməlidir. Seçicilər tərəfindən irəli sürüləcək namizəd üçün 100 min imza tələb olunur. Bu imzalar 4-9 may tarixləri arasında toplanmalıdır. Seçicilər qeydiyyatda olduqları ərazi üzrə məntəqə seçki komissiyasına gedib istədikləri namizəd üçün imza verə bilər. YSQ namizədlərin adlarını mayın 10-da elan edəcək. Mayın 13-də isə təbliğat kampaniyası başlayacaq.

Bu gün Səadət Partiyası tərəfindən partiyanın lideri Təməl Karamollaoğlunun prezidentliyə namizədliyi irəli sürülüb. T. Karamollaoğlu 1941-ci il təvəllüdlüdür. İngiltərənin Mançester Universitetində təhsil alıb. Daha əvvəl millət vəkili və Sivas bələdiyyə başqanı olub. Səadət Partiyası vaxtilə mərhum Nəcməddin Ərbakan tərəfindən müxtəlif illərdə yaradılmış Milli Nizam, Milli Səlamət, Rifah, Fəzilət partiyalarının davamı olan mühafizəkar siyasi partiyadır.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası tərəfindən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürüləcək. İyi Parti lideri Meral Akşener azı 100 min imza toplayaraq namizəd olacağını açıqlayıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi isə mayın 4-də açıqlanacaq. Prezident seçkiləri iyunun 24-də keçiriləcək. Eyni anda parlamentə də seçki olacaq.
ƏvvəlkiSərkisyanın planına qarşı yüzminlər meydana çıxdı – Canlı
NövbətiAzərbaycanlı iş adamı güllələndi