Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Qert Yan Kopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
“Report” xəbər verir ki, bu barədə baş direktor “X” hesabındakı paylaşımında bildirib.
“Avropa İttifaqı və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Prezidentin köməkçisi Hikmət Hacıyev (Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri – red.) və Elçin Əmirbəyovla (Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi – red.) Aİ-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd olunur.
Aİ rəsmisi, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə iqtisadi əlaqələr, nəqliyyat və enerji mövzuları ətrafında fikir mübadiləsi aparıb.
“Regional əlaqə üçün açar olan Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırmanı başlatdıq”, – Qert Yan Kopman paylaşımında qeyd edib.



















































