ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı Gürcüstan və Türkiyə arasında güclü strateji tərəfdaşlıq və intensiv ikitərəfli əməkdaşlıq müsbət qiymətləndirilib.
Həm yüksək səviyyəli, həm də sahəvi qurumlar arasında səfər mübadiləsinin fəal dinamikası vurğulanıb. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Regionda cərəyan edən proseslərə, Gürcüstan və Türkiyənin sabitliyin və sülhün təmin edilməsində roluna diqqət yetirilib.
Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyini bir daha təsdiqləyib.
Gürcüstan və Türkiyə Respublikası arasında səmərəli ticari-iqtisadi əməkdaşlıq və Orta Dəhlizin inkişafı kontekstində iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyi müzakirə olunub.
Türkiyənin xarici işlər naziri türk hərbi təyyarəsinin qəzaya uğraması zamanı göstərdiyi dəstəyə və səylərə görə gürcü həmkarına təşəkkür edib.
























































