Ukrayna rəsmiləri ilə ABŞ arasında aparılan danışıqlardan sonra sülh planı daha yaxşı görünür. Ərazi məsələsi ən çətin məsələ olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.
“Ərazi məsələsi pul və yenidənqurma kimi ən çətin məsələdir – avropalı tərəfdaşların iştirakı olmadan razılığa gəlmək çətindir. Təhlükəsizlik zəmanəti məsələsi isə – ABŞ və Avropadan konkret detallar vacibdir. Biz burada çox diqqətli olmalıyıq, lakin plan daha yaxşı görünür”, – deyə Zelenski bildirib. O əlavə edib ki, ABŞ-la danışıqlar zamanı ərazi məsələsi 6,5 saat yalnız ayrı-ayrı məqamlar üzrə müzakirə olunub.
Zelenskinin sözlərinə görə, ABŞ-la danışıqlar davam edir; Vaşinqton öz mövqeyini Ukrayna rəsmiləri ilə artıq bölüşüb və indi də eyni mövzunu Moskva ilə müzakirə etmək istəyir.
“Mən sabah nümayəndə heyətimizdən rəy alacağam; onlar İrlandiyaya uçacaq və addım-addım deyəcəklər ki, biz bu danışıqlarda hansı mövqedə dayanırıq”, – deyə Prezident aydınlıq gətirib.
Xatırladaq ki, Ukrayna rəsmiləri son bir neçə həftə ərzində ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh planını müzakirə etmək məqsədilə Amerika rəsmiləri ilə bir neçə dəfə görüşüblər.
Cenevrədəki ilkin danışıqlardan sonra sənədin qısaldıldığı məlum olub. Sülh planının yeni variantının məzmunu hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ əvvəlcə Ukraynadan Donetsk və Luqansk vilayətlərinin Rusiyaya verilməsini tələb edib. Sənəddə Ukrayna üçün qəbuledilməz digər müddəalar da var idi.























































