TDT Media Forumunda rəqəmsal media mühitində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, CBC telekanalının baş redaktoru Elmira Musazadənin moderatorluğu ilə keçirilən panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdar Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov çıxış edərək rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Qeyd olunub ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.

Forum çərçivəsində, həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və “ağıllı şəhər” konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksəksürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.

Əvvəlki“Shirvan Open 2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
NövbətiPrezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib